AGAT “Sosial Mediada gənclərin fəaliyyətinin qurulması” adlı seminar həyata keçirib

 

AGAT “Sosial Mediada gənclərin fəaliyyətinin qurulması” adlı seminar həyata keçirib

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) "Sosial Mediada gənclərin fəaliyyətinin qurulması” adlı seminar həyata keçirib.

Seminarın əsas məqsədi gənclərin sosial mediada asudə vaxtının səmərli təşkili və istiqamətləndirilməsi, Azərbaycan həqiqətlərinin sosial media vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasında gənclərin məlumatlandırılmasıdır.

Seminarda təlimçilər "Xalq” qəzetinin müxbiri, aktiv sosial media istifadəçisi Əfsanə Bayramqızı və "Palitra” qəzetinin müxbiri, Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə olublar.

Seminarı giriş sözü ilə açan AGAT sadri Lalə Mehdiyeva tədbirin məqsəd və əhəmiyyətindən söz açdı. O qeyd etdi ki, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə sosial mediaya maraq böyükdür. "Odur ki, bu aktuallığı nəzərə alaraq belə bir seminar təşkil etdik”, deyə o əlavə etdi.

L. Meydiyeva söylədi ki, məqsədləri gənclərin aktiv sosial media istifadəçisinə çevrilməsi üçün istiqamət vermək və ictimai-siyasi proseslərə sosial media vasitəsi ilə münasibət bildirə bildirməsinin əhəmiyyətli tərəfləri haqqında ətraflı məlumat verməkdir.

Növbəti olaraq Əfsanə Bayramqızı mövzu ilə əlaqədar gənclər üçün təqdimat etdi. Təqdimat sosial media və informasiya siyasətinə həsr olunmuşdur. O bildirdi ki, müasir dövrdə digər dünya gəncləri kimi, Azərbaycan gəncləri də sosial mediada aktivdir: "Lakin sosial mediadan daha çox əyləncə xarakterli məlumatlarla maraqlanan gənclərlə yanaşı, eyni zamanda sosial medianın üstünlüklərindən istifadə edərək Azərbaycan həqiqələrini dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyət göstərən gənclər də az deyil”.

Ə. Bayramqızı söylədi ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, sosial media platformasının üstünlüklərindən istifadə etmək hər bir gəncin borcudur: "Bu baxımdan sosial media əvəzsiz bir vasitədir, xüsusilə də "Tvitter” sosial şəbəkəsi burada mühim əhəmiyyətə malikdir”.

Daha sonra "Palitra” qəzetinin əməkdaşı Fuad Hüseynzadə öz növbəsində Azərbaycan diasporunun inkişafında və xaricdə yaşayan azərbaycanlıların, xüsusilə diaspor nümayəndələrinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sosial medianın əhəmiyyətindən danışdı. O bildirdi ki, xaricdə yaşayan həmvətənlərimiz sosial mediada daha çox aktiv olarsa, Azərbaycan həqiqətləri daha çox dünyaya yayılar.

F. Hüseynzadə qeyd etdi ki, virtual həmrəylik Azərbaycan jurnalistləri və eləcə də bütün azərbaycanlılar üçün çox önəmlidir. Seminar gənc jurnalistlərin, QHT nümayəndələrinin, aktiv sosial media istifadəçilərinin iştirakı ilə interaktiv keçdi.